Nemət Mətin: «Ədəbiyyat heç vaxt köhnəlmir».
Hörmətli Turkona.uz abunəçiləri, ünvanımız Azərbaycanın tanınmış yazıçısı, “Sonuncu uçuş” və “Gözəgörünməzlər” kitablarının müəllifi Nemət Mətindir.
1990-cı ildə Bakının Yeni Suraxanı qəsəbəsində anadan olan Nemət Mətin gənc nəsil Azərbaycan ədəbiyyatının ən önəmli və nüfuzlu yazıçılarındandır.
Azərbaycan Dövlət Neft Universitetinin bakalavr və magistr pillələrini bitirib…
Edebiyyat.az saytının təsisçisi və baş redaktorudur.
—Söhbətimizə indiki Azərbaycan ədəbiyyatından başlayaq.
—Azərbaycan ədəbiyyatını oxuyuram. Artıq dünyaya çıxarıla biləcək əsərlər görürəm. Lakin Gürcüstana baxanda biz hələ çox arxada qalmışıq.
Bu işlər sistemli şəkildə olmalıdır.
—Azərbaycanda şair və yazıçıların nüfuzu necədir?
—Dünyaya çıxa bilməyən yazıçıya oxucu da inanmır. Amma bu yazıçının günahı deyil. Bunun üzərində nəşriyyatlar işləməlidir. Yazıçının, şairin işi yazmaqdır.
— Sizcə, Azərbaycanın ən istedadlı və sayılıb-seçilən şair və yazıçıları kimlərdir?
—Çoxdur. Birinin adını unutsam, inciklik olar. Hamısına uğurlar arzu edirəm.
—Özbək ədəbiyyatı haqqında fikirləriniz…
—Sözün düzü kitab şəklində hansısa özbək yazıçısının kitabı rastıma çıxmayıb. Bir-iki hekayə nümunəsi oxumuşam.
—İnternet şəbəkələrinin inkişafı ilə mütaliə xeyli ləngiyib.
—Sözün düzü sosial şəbəkələr olmasa yazıçıların kitabı az satılar. Reklam işləri internet üzərindən qurulur…
—Azərbaycanda kitab oxumaq hansı səviyyədədir?
—Bütün dünyada olduğu kimi bizdə də kim məşhurdursa, ən çox həmin müəllif oxunur. Lakin vaxt keçdikcə görürsən ki, yadda qalanları oxuyurlar. Ədəbiyyat heç vaxt köhnəlmir. Ona görə çox yazmağı, tez çap olunmağı düzgün saymıram.
—Hansı əsərlər sizi təəccübləndirir?
—Dünya ədəbiyyatından saymaqla bitməz. Azərbaycandan danışırıqsa, Aydın Talıbzadənin «Ramana», Kənan Hacının «Fironun dəftəri», Azər Qismətin «Çuğullar», Azad Qaradərəlinin «Ucubuluq» romanlarını deyə bilərəm…
—Əsərlərinizi Özbəkistanda çap etdirmək planlarınız varmı?
—Var. Uyğun şərtlər olsa, niyədə yox? Mənim bir kitabım Türkiyədə, biri də Cənubi Azərbaycanda çapdan çıxıb. İstərdim daha çox olsun…
—Səmimi söhbətinizə görə təşəkkür edirik!
—Mən də təşəkkür edirəm. Sözün və fikrin sağlığına…
Cihangir NOMOZOV söhbetleşdi