Vətəndaşlıq borcumuz

Bu gün istər Azərbaycanda, istərsə də xaricdəki gənclərimizin əsas amalı Vətəni sevmək olmalıdır
Xalqımızın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, mədəniyyətə, ana dilinə məhəbbət, tarixi köklərə, Vətənə bağlılıq, bəşəri ideallara hörmət milli kimliyin mahiyyətini təşkil edir. Bu dəyərlərin dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsi, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsi və hüquq azadlıqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Bu mövzuda Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri Elvin Talışınski fikirlərini bizimlə bölüşüb. O deyib ki, milli-mənəvi dəyərlər sistemi hər bir insanın, xalqın, millətin kimliyini ortaya qoyan ən başlıca amillərdəndir: “Müstəqil Azərbaycan cəmiyyətinin mütərəqqi inkişafı üçün mühüm amillərdən biri də vətəndaşların, ümumilikdə xalqıntəfəkkürünün, dünyagörüşünün formalaşmasında və tərbiyə olunmasında milli-mənəvi dəyərlərdən düzgün istifadə edilməsidir.Milli müstəqillik və demokratiya, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar bir qayda olaraq milli-mənəvi dəyərlərin ictimai həyatımızda rolu və əhəmiyyətinin artması ilə əlamətdardır.
Hər bir xalqın həyatında mənəviyyat, əxlaq, mədəniyyət və onun kimliyini formalaşdıran bir çox amillər onun ayrılmaz hissəsini təşkil edir. Başqa sözlə desək, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.Azərbaycan xalqı həmişə öz torpağına, tarixinə, gələcəyinə, milli dəyərlərinə bağlı və olduqca sadiq qalan bir xalqdır.
Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində isə Ümummilli lider Heydər Əliyevin müstəsna rolu və əməyi olmuşdur. Hələ 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bəyanatında: “hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir” – deyən Ulu öndər Heydər Əliyev bizlərin hər şeydən əvvəl öz xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxmağımızın, öz mədəniyyətimizin, adət-ənənələrimizin, mentalitetimizin qoruyub saxlamağımızın və gələcək nəsillərə düzgün çatdırılmasının nə dərəcədə əhəmiyyətli olduğunuqeyd etmişdir.
Heydər Əliyev qorunması vacib olan milli-mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusiləqeyd etmişdir: dilimiz, dinimiz, adət-ənənələrimiz.Ulu öndərözünün siyasi fəaliyyəti boyuncamilli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürərək göstərirdi ki, bunları qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Çünki bunlar arasında sıx bir daxili əlaqə vardır”.
Elvin Talışınskinin fikrincə, həqiqətən də milli dəyərlərimizə, doğma torpaqlarımıza, doğma ana dilimizə, bizi kamilləşdirən mükəmməl din olan İslam dini dəyərlərinə, böyük və zəngin tariximizə, millətimizə sadiq qalmağımız bizim ilk növbədə vətəndaşlıq borcumuzdur: “Bu dəyərləri yaşadaraq gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir. Milli-mənəvi dəyərlər, həmçinin adət-ənənələrimiz, onların qorunması, kənar təsirlərdən xilas olması, saflaşması, Azərbaycan xalqının dəyərli sərvəti kimi milli emblemə çevrilməsindəbu gün də aparılan uğurlu dövlət siyasətini xüsusilə vurğulamaq lazımdır”.
Bu gün istər Azərbaycanda, istərsə də xaricdəki gənclərimizin əsas amalı Vətənı sevmək olmalıdır. Həmsöhbətimiz bu haqda da öz fikirlərini bildirərək deyib ki, Vətəni sevmək xalqını, onun tarixini, ata-babalarının məzarları olan, böyüyüb-başa çatdığın, hər bir zərrəsi ilə bağlı olub üzərində dayandığın torpağı, onunla əlaqəli bütün gözəllikləri sevmək deməkdir: “İnsan vətənini seçmir, lakin ona görə məsuliyyət daşıyır, taleyini xalqının taleyi ilə bağlayır, bu torpağın inkişafı, tərəqqisi və mənəvi rifahı üçün çalışır. Əbəs yerə deyil ki, vətənə məhəbbət məhz imanın əsası, inanc hissələrindən biridir.
İnsan aid olduğu vətəni sevir, çünki bu hiss onun fitrətində əbədi bağlılıq kimi təcəssüm edir. Vücudun ruhla əlaqəli olduğu kimi, insan da öz xalqı ilə əlaqə qurarkən həyatının dolğunluğunu hiss edir və onun xeyirinə çalışır. Vətən, əslində insanın doğulduğu və böyüdüyü ölkədən daha böyük bir məfhumdur. Onu tam dərk etmək üçün insanın ruhu vətəninin tarixi, adət-ənənələri, həyat şəraiti, milli-mənəvi dəyərləri, çayları, gölləri, dərələri, dağlıqları ilə birləşməlidir.
Hər bir xalq özünəməxsus keyfiyyətlərə sahibdir. Daha aydın şəkildə desək, eyni iqlim, oxşar iş və yaşayış şəraiti, ortaq maraqlar və davranış normaları – bütün bunlar insanları bir araya gətirir və birləşdirir. Digər tərəfdən, dövlət bu münasibətləri qanunlar və dəyərlər sistemi ilə möhkəmləndirir. Vətənə sevgi təbii bir hissdir və insan bunu şüurlu şəkildə hiss edir. Mənəvi baxımdan zəngin bir insan üçün bu, vətəndaş kimi öz vəzifəsini dərk etmək, onu hər kəsə qarşı qorumaq, ona sahib çıxmaq, başqa ölkələrdə layiqincə təmsil etməkdir. Ancaq bir insan mənəvi baxımdan kasıbdırsa, onda bu hiss kor instinktə çevrilir, bəzən ədalət və ağıl səsinə kölgə salır”.
Xaricdək azərbaycanlılarda vətənpərvərlik, milli kimliyin formalaşdırılması və milli dəyərlərimizlə bağlı maarifləndirilmə işinin aparılması hər zaman aktualdır. Bununla ayanaşı, davamlı olaraq xaricidəki soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin təşkili, onlara yerli qanunvericilik aktları və beynəlxalq hüquq normaları çərçivəsində öz hüquq və vəzifələri izah olunmalıdır.
Cavid Şahverdiyev
Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.